Paytaxt Bakı son günlərdə qeyri-adi hava şəraiti ilə üzləşib. Şəhər ərazisində müşahidə olunan qatı toz dumanı sakinləri narahat edir. Hava şəraiti ilə bağlı Yenisabah.az-a danışan meteoroloq Cavid Hüseynov tozlu havanın səbəblərini izah edib və vəziyyətin nə zaman normallaşacağını bildirib.
Meteoroloq Cavid Hüseynovun sözlərinə görə, havadakı toz miqdarının normadan çox olması, Qazaxıstan və Türkmənistan ərazisindən ölkəmizin hava məkanına daxil olan isti və tozlu hava kütlələri ilə əlaqədardır. “Bu proses mövcud sinoptik şəraitlə bağlıdır və toza qarşı həssaslığı olan insanlarda narahatlıq yarada bilər,” - deyə Hüseynov qeyd edib.
Hava şəraitinin bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. Hüseynovun açıqlamasına görə, bu cür hava şəraiti adətən Qazaxıstan üzərində antisiklonik şərait yarananda baş verir. “Qazaxıstandakı antisiklon şərqə doğru uzaqlaşdıqdan sonra, həmin istiqamətdən gələn hava axınları dayanacaq və havada müşahidə olunan toz miqdarı tədricən azalacaq,” - deyə meteoroloq əlavə edib.
Hazırda tozlu hava şəraitinin yaxın 3-4 gün ərzində tədricən normallaşması ehtimal edilir. Sakinlərə tozlu hava şəraiti zamanı mümkün qədər açıq havada qalmaqdan çəkinmək və toza qarşı həssas olan şəxslərin sağlamlıqlarını qorumaq tövsiyə olunur.