SOSİUM

02 Sentyabr

Azərbaycanda məktəblərdə təhlükəsizlik tədbirləri: Şagirdlərin təhlükəsizliyi üçün nələr edilir?

2024-cü tədris ilinin başlanması ilə birlikdə Azərbaycanda məktəblərdə şagirdlərin təhlükəsizliyini artırmaq məqsədilə bir sıra yeni qaydalar və tədbirlər həyata keçirilir.

Təhsil eksperti Vəfa Musayeva bu mövzuda Fins.az-a açıqlamasında bildirib ki, ölkənin bütün məktəblərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün ciddi addımların atılır.

Onun sözlərinə görə, artıq məktəblərdə təhlükəsizlik kameraları quraşdırılır və bu, təhsil ocaqlarının ərazisini nəzarətdə saxlamağa imkan verir:

“Bu addım, şagirdlərin və məktəb heyətinin təhlükəsizliyini daha yaxşı təmin etmək məqsədilə atılır. Həmçinin, məktəblərin giriş-çıxışlarında xüsusi təhlükəsizlik xidmətləri fəaliyyət göstərir. Bu xidmətlərə məktəbə daxil olan hər kəsin şəxsiyyətinin yoxlanılması daxildir, bu isə icazəsiz şəxslərin məktəbə daxil olmasının qarşısını alır. Bundan əlavə, təhsildə fövqəladə hallara hazırlıq tədbirlərinin də diqqət mərkəzindədir. Şagirdlər və müəllimlər üçün fövqəladə hallar zamanı necə davranmalı olduqları barədə təlimlər təşkil edilir. Bu təlimlər, tədris prosesinin təhlükəsiz və planlı şəkildə davam etdirilməsi üçün vacib hesab edilir”.

V.Musayeva qeyd edib ki, məktəblərdə internet təhlükəsizliyinə də böyük önəm verilir və şagirdlərin internetdə təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi qaydalar tətbiq olunur:

“Bu qaydalar, uşaqların onlayn mühitdə qarşılaşa biləcəkləri potensial təhlükələrin qarşısını almaq üçün nəzərdə tutulub”.

Təhsil eksperti onu da vurğulayıb ki, zorakılığa qarşı mübarizə proqramları da məktəblərdə geniş şəkildə tətbiq edilir:

“Belə ki, bu proqramlar vasitəsilə şagirdlərə zorakılıqla bağlı ətraflı məlumatlar verilir, belə halların qarşısının alınması üçün təlimatlar təqdim olunur. Məktəblərdə fəaliyyət göstərən psixoloqlar isə şagirdlərin psixoloji sağlamlığını qorumağa və onların emosional dəstək almasını təmin etməyə çalışırlar.

Bütün bu tədbirlər, Azərbaycanda 2024-cü tədris ilində şagirdlərin təhlükəsiz və sağlam bir mühitdə təhsil almasını təmin etmək məqsədini daşıyır. Təhsil ekspertləri, məktəb rəhbərliyi və valideynlər bu tədbirlərin müsbət təsir göstərəcəyinə əmindirlər. Məktəblərdə həyata keçirilən bu dəyişikliklər, təhsil prosesinin daha təhlükəsiz və keyfiyyətli olmasına şərait yaradır”.

Fuad Mədətov
Fins.az