Sentyabrın 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva və IDEA könüllüləri Kürdəxanı ərazisindəki gölün sahilində təmizlik aksiyası keçiriblər. AZƏRTAC xəbər verir ki, tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.
Aksiyada iştirak edən könüllülər zəruri sanitar ləvazimatlarla təchiz olunaraq, ərazini külli miqdarda tullantıdan, xüsusilə plastik tullantılardan təmizləyiblər. Tədbirin əsas məqsədi cəmiyyətin ətraf mühitin təmizliyinə riayət etməsini təşviq etmək, biomüxtəlifliyə xüsusi əhəmiyyət kəsb edən ərazilərin zibillənməsinin qarşısını almaq və insanların təbiət mühafizəsi üzrə səylərini artırmaqdır.
IDEA İctimai Birliyi, Xəzər dənizi və Qafqaz regionunun digər su hövzələrinin biomüxtəlifliyini qorumaq məqsədilə çirklənmiş sahilyanı ərazilərin təmizlənməsi və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
Birlik, planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə çağırır, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağı vurğulayır.