Avqustun 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılması mərasimi keçirilib.
Fins.az xəbər verir ki, mərasim zamanı nəcib marallar, Dağıstan turu və tirəndazlar xüsusi seçilmiş təbii ərazilərə buraxılıb.
Qeyd edilib ki, 2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsi üçün buraxılmış 4 nəcib maral populyasiya yolu ilə artaraq 10 başa çatıb. IDEA İctimai Birliyi tərəfindən bu populyasiyaya əlavə olaraq Bakı Zooloji Parkından daha 2 nəcib maral əraziyə köçürülərək onların ümumi sayı 12 başa çatdırılıb. Beləliklə, tədbir çərçivəsində 12 nəcib maral, eləcə də Bakı Zooloji Parkında çoxaldılaraq böyüyən 10 tirəndaz və 3 Dağıstan turu vəhşi təbiətə buraxılıb.
Diqqətə çatdırılıb ki, Bakı Zooloji Parkının əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması və sayının bərpa edilməsidir. Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılan heyvanlar da IDEA İctimai Birliyi, Bakı Zooloji Parkı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan “Biomüxtəlifliyin inkişaf etdirilməsi” layihəsi çərçivəsində çoxaldılıb. Layihənin əsas məqsədi ölkəmizin nadir və nəsli kəsilməkdə olan fauna növlərini, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş heyvanları çoxaldaraq, onların tarixi areallarını bərpa etmək üçün vəhşi təbiətə buraxılmasıdır.
Həmçinin bildirilib ki, IDEA İctimai Birliyinin uğurlu layihələrindən biri də “Zubrların Azərbaycana reintroduksiyası” proqramıdır. 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Zooloji Parkı və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən bu proqram çərçivəsində ölkəmizə Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Proqramın uğurlu icrası nəticəsində Azərbaycanda zubrların sayı artıq 70 başa çatmaq üzrədir.
Bu cür layihələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol oynayır. Layihənin təşkilatçıları Azərbaycan ictimaiyyətini nadir heyvanların qorunması, sayının artırılması və qanunsuz ovlanmasının qarşısının alınması istiqamətində fəal olmağa çağırır.