SOSİUM

29 Avqust

Göyçayda 9 kəndi birləşdirən yolun yenidən qurulması davam edir - VİDEO/FOTO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistarl avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması davam etdirilir.

Fins.az xəbər verir ki, uzunluğu 42.35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilir.

Layihə üzrə yol boyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu və müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunaraq yeni yataq inşa edilib. 

Yolun 26.2 km-lik hissəsində artıq sözügedən işlər yekunlaşıb və yeni yol əsasının inşası aparılıb. Yol əsası hazır olan hissələrə layihə üzrə nəzərdə tutulmuş qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunub.

Hazırda layihə üzrə yolun qalan digər hissələrində yol əsasının tikintisi işləri son mərhələdə olmaqla davam edir. Ardınca asfaltlanma işlərinin icrası nəzərdə tutulub. 

İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də yekunlaşmaq üzrədir.

Layihə üzrə yolun Ulaşlı Şıxlı hissəsində 39.6 metr uzunluğa malik yeni avtomobil körpüsü də inşa olunub. 

“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılmasının və yola üfüqi nişanlanma xətlərinin çəkilişinin davam etdirilərək yekunlaşdırılması planlaşdırılır. 

Bununla da yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 

YOLUNUZ AÇIQ OLSUN…

Zemfira Ms
Fins.az