SOSİUM

27 Avqust

Azərbaycan Milli Xalça Muzeyi yeni binanın 10 illik yubileyini qeyd edib

Avqustun 26-da Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyət göstərdiyi yeni binanın 10 illiyi münasibətilə “Qədim sənətin müasir məkanı” adlı tədbir keçirilib.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbir Ümumilli lider Heydər Əliyevin ölkəmizdə xalçaçılığa göstərdiyi qayğını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov 26 avqustun əlamətdar tarix olduğunu bildiriblər. Laçın Şəhəri Günü, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü və Milli Xalça Muzeyinin yeni unikal binasının açılış günü münasibətilə təbriklərini çatdırıblar. Milli irsimizin qorunub saxlanmasında, muzeylərimizin inkişafında Mehriban xanımın  misilsiz xidmətlərini vurğulayıblar. Natiqlər xalçaçılıq sənətinin Azərbaycan mədəniyyətində önəmli rolunu diqqətə çatdırıblar.

Sonra xalça və xalq tətbiqi sənəti nümunələrinin qorunması və təbliğindəki xidmətlərinə görə Milli Xalça Muzeyi Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Qonaqlara mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə ərsəyə gələn, xalçanın onların həyatındakı rolundan bəhs edən “Xalça mənim üçün...” video-layihəsi təqdim olunub. Tədbirin xüsusi qonağı – muzeyin yeni binasının müəllifi, məşhur avstriyalı memar Frans Yans müasir Bakının simvoluna çevrilən layihənin ərsəyə gəlməsindən bəhs edib. Türkiyəli xalça kolleksiyaçısı Hüseyn Konukçu şəxsi kolleksiyasından olan “Paşalı” kiliminin doğma vətəninə qayıdaraq dünyanın ilk Xalça Muzeyinin bir hissəsinə çevrilməsindən qürur duyduğunu bildirib. “Şıxlı” və “Bəhmənli” xalçalarını muzeyə təqdim edən italiyalı kolleksiyaçı Mirko Kattai də videomüraciət vasitəsilə eyni hissləri bölüşüb.

Yubiley tanınmış cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyabın muzey məkanında ilk çıxışı, “Caz naxışı” konsert proqramı ilə davam edib.

Tədbirdə qonaqlar doğma vətəninə qaytarılmış unikal dekorativ-tətbiqi sənət nümunələri ilə - Mətin və Hüseyin Konukçular (Türkiyə), Mirko Kattai (İtaliya) və Hocat Abasinin (Almaniya) kolleksiyalarından XIX əsrin sonu – XX əsrin əvvəlinə aid “Paşalı” kilimi (Şirvan), “Şıxlı” (Qazax), “Açma-yumma”, “Bəhmənli” xalçaları (Qarabağ) ilə tanış olublar.

Azərbaycan Milli Xalça Muzeyinin memarı Frans Yansa, kolleksiyaçılar - Hüseyin Konukçu (Türkiyə) və Mirko Kattaiyə, Əməkdar artist Emil Əfrasiyaba muzey tərəfindən təşəkkürnamələr təqdim edilib.

Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Xalça Muzeyi üçün yeni binanın tikilməsi haqqında Sərəncam imzalayıb. Bu irimiqyaslı layihə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib. 26 avqust 2014-cü ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə xalça formalı unikal binanın açılışı olub. Hazırda bu muzey ölkəmizdə ən çox ziyarət edilən mədəniyyət ocaqlarından biridir.

Zemfira Ms
Fins.az