Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini mətbuat konfransında açıqlayıb.
Fins.az xəbər verir ki, I mərhələdən sonra müxtəlif ixtisas qruplarında müəyyən sayda plan yerləri boş qalıb:
- I ixtisas qrupu üzrə 1,304 yer,
- II ixtisas qrupu üzrə 246 yer,
- III ixtisas qrupu üzrə 400 yer,
- IV ixtisas qrupu üzrə 463 yer,
- V ixtisas qrupu üzrə 348 yer.
Məleykə Abbaszadə həmçinin ali təhsil müəssisələrinin plan yerlərinin dolma vəziyyəti ilə bağlı məlumat verib. O qeyd edib ki, tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox dolub. Xüsusilə, 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri tamamilə dolub.
Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə – Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya – Azərbaycan Universitetinin plan yerləri isə 95.52% dolub.
Subbakalavrlarla bağlı məlumatlara görə, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı artıb və ötən ildən 695 nəfər daha çoxdur. Subbakalavrlar arasında daha çox qəbul olunan müəssisələr Azərbaycan Texniki Universiteti (584 nəfər), Mingəçevir Dövlət Universiteti (569 nəfər), Azərbaycan Texnologiya Universiteti (527 nəfər) və Lənkəran Dövlət Universitetidir (505 nəfər). Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.84%-i, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların isə 43.52%-i subbakalavrlar təşkil edir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytında qeydiyyatdan keçməsi tələb olunur. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir. Boş qalan plan yerlərinə avqustun 28-dən sentyabrın 2-dək ixtisas seçimi aparılacaq.
Fuad Mədətov
Fins.az