Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII qurultayı keçirildi.
Fins.az-ın verdiyi xəbərə görə, tədbirdə AHİK sədri və VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayaraq qurultayı açıq elan etdi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Qurultayda reqlamentə uyğun olaraq, Redaksiya və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçildi, gündəlik təsdiq edildi. Qurultayın gündəliyinə təşkilati məsələlər daxil edildi.
AHİK sədri Səttar Möhbalıyev, çıxışında Konfederasiyaya rəhbərlik etdiyi müddət ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və həmkarlar ittifaqlarının hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar barədə geniş məlumat verdi. O, həmçinin, Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzundan bəhs etdi.
Daha sonra Səttar Möhbalıyev, Milli Məclisin deputatı kimi iş yükünün çoxluğunu nəzərə alaraq, AHİK sədrliyindən istefa verdiyini elan etdi. Onun istefası səsverməyə çıxarıldı və qurultay iştirakçıları tərəfindən qəbul edildi.
Qurultayda AHİK-in yeni sədri seçildi. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Sahib Əli oğlu Məmmədovun namizədliyi irəli sürüldü və o, açıq səsvermə ilə yekdilliklə AHİK-in sədri seçildi.
Sahib Məmmədov çıxışında ona göstərilən etimada görə qurultay iştirakçılarına təşəkkür etdi və Azərbaycan həmkarlar ittifaqlarının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması, istirahət və sağlamlıqlarının təmin olunması istiqamətində səylə çalışacağını bildirdi. O, Konfederasiyanın fəaliyyətində şəffaflıq, bərabərlik və inklüzivliyin təmin ediləcəyini, qabaqcıl təcrübələrin tətbiq olunacağını, xarici həmkarlar ittifaqları ilə əlaqələrin genişləndiriləcəyini və ölkə daxilində həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılması üçün real addımlar atılacağını vurğuladı.
Qeyd edək ki, S. Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan S. Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.
Fuad Mədətov
Fins.az