SOSİUM

30 İyul

Əmək haqqının artırılması ilə bağlı gözləntilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı açıqlamasından sonra artımın nə qədər olacağı maraq doğurub. İqtisadçı Vüqar Bayramov bu mövzuda sosial şəbəkə hesabında paylaşım edib və rəy bölməsində xeyli şərh toplanıb.

İqtisadçı bildirib ki, müzakirələrin noyabradək başa çatacağı gözlənilir və konkret rəqəm həmin ay bəlli olacaq. Rəsmi açıqlamadan da göründüyü kimi, hələlik artım faizi elan edilməyib, lakin əvvəlki dövrlər üzrə təcrübə nəzərə alınacaq.

Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Bayramovun sözlərinə görə, yeni artım zamanı inflyasiya səviyyəsi və nominal orta aylıq əmək haqqındakı artım faizi kimi meyarlar nəzərə alınacaq. 2023-cü ildə inflyasiya səviyyəsi 8.8 faiz, orta aylıq əmək haqqındakı artım isə 11.3 faiz olub. 2024-cü il nəticələri də nəzərə alınaraq, iki rəqəmli artım gözlənilir. Daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bayramov əlavə edib ki, minimum əmək haqqındakı artım 700 mindən çox vətəndaşa təsir edəcək.

Fins.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov minimum əmək haqqının nə qədər artırılması ilə bağlı sualları şərh edərkən deyib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əmək haqqının artırılması ilə bağlı noyabrın 1-ə kimi təkliflər hazırlamalıdır.