SOSİUM

25 İyul

Bakıda Özbək kinosu günləri keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Özbək kinosu günləri keçirilib.

Fins.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Avazxon Tacixanov çıxış ediblər.

Açılış mərasimi çərçivəsində “Evriliş” (“Təkamül”) bədii filmi nümayiş etdirilib. Rejissor Yolkin Tuyçiyevin çəkdiyi döyüş dramı sovet ordusu sıralarına çağırılan və qaynar nöqtələrdən birinin qəhrəmanına çevrilmiş özbək gəncinin taleyindən bəhs edir. Müharibə onun və ətrafındakıların həyatını dəyişir, keçmiş əsgər xaricə gedir və illər sonra vətəni Özbəkistana qayıtmaq qərarına gəlir. “Evriliş” XXVII Busan Beynəlxalq Film Festivalının KIM Jiseok Mükafatı kateqoriyasının qalibidir.

Bazar günü iyulun 21-də tamaşaçılar rejissor Matekub Matçonovun çəkdiyi “Yaşa, Xotin” (“Bravo, xanım”) komediya filminə baxıblar. Bu, qadınlara hörmət və verilən qiymətdən bəhs edən filmdir.

Həmin gün tamaşaçılara “Hakim” filmi də təqdim olunub. Dram filminin rejissoru Dilmurod Məsəidovdur və qadın hakim Əzizin həyatından bəhs edir. Əsas personaj uzun müddət hakim vəzifəsini tutan hörmətli və həddindən artıq ehtiyatlı bir qadındır. O, karyerasının bütün dövrü ərzində müxtəlif mürəkkəb vəziyyətlərin öhdəsindən gələ bilib. Lakin tezliklə onun əlinə yeni cinayət işi düşür və bu, böyük stres keçirməsinə səbəb olur. Bu dəfə müttəhimlər kürsüsündə cinayətdə özünü təqsirli bilməyən bir gənc var.

Bazar ertəsi, iyulun 22-də “Bahodir Yalanqtuş” filmi nümayiş olunub. Tarixi film Özbəkistan prezidentinin şəxsi xahişi ilə lentə alınıb. Rejissor Dünyagir Əhmədovdur. Film böyük sərkərdə, Registan kompleksinin yaradıcısı, Səmərqənd qubernatoru, idmançı və aktyor Həbibullo Nizomovun obrazını canlandırdığı Bahodir Yalanqtuşun həyat və fəaliyyətindən bəhs edir. Bu, xüsusi tikilmiş və təchiz olunmuş panoramik pavilyonda çəkilmiş yeganə filmdir. “Bahodir Yalanqtuş” filmi Səmərqənd şəhərinin keçmişi və Əmir Bahodir Yalanqtuş dövrünün tarixi mühiti haqqında ətraflı məlumat verir. Tarixi sənədli filmin təqdimatı Səmərqənd şəhərinin Registan meydanında baş tutub.

Fuad Mədətov
Fins.az