SOSİUM

21 İyun

Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib.

Fins.az xəbər verir ki, təlim zamanı “Aztelekom” MMC-nin Müştəri təcrübəsinin idarə olunması şöbəsinin müdiri Ayaz Əhmədov və Korporativ əlaqələr sektorunun müdiri Səfər Aslanov çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar.

Çıxış edənlər ölkəmizdə insanların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin icra edildiyi müddətdə təkcə Bakı ərazisində genişozlaqlı internetin əhatə dairəsi 18%-dən 95%-ə, ölkə ərazisində isə ümumilikdə 9%-dən 85%-ə yüksəlib.

Qeyd edək ki, təlimə müxtəlif media qurumlarından 40-a yaxın jurnalist cəlb olunub. Məqsəd jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirməkdən ibarətdir.