İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) birgə təşkilatçılığı ilə açıq məkanda reklam yayımı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün Rəqabət Məcəlləsində yer alan yeni anlayış və prinsiplər, təkmil qanunvericilik aktında nəzərdə tutulan yeni tənzimləmələrə dair maarifləndirici seminar keçirilib.
Fins.az xəbər verir ki, əlliyə yaxın iştirakçının qatıldığı tədbirin keçirilməsində məqsəd bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərdən bazara olan tələbləri, yeni qanunvericilik aktında təsbit edilən rəqabət sahəsi üzrə dövlət nəzarət mexanizmləri, habelə haqsız rəqabət formaları barədə sahibkarların məlumatlandırılması olub.
Tədibirdə açılış nitqi ilə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbəri Tural İsmayılov və Dövlət Reklam Agentliyinin Aparat rəhbəri Natiq Qasımov Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, onun ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə verəcəyi töhfədən danışıblar.
Görüş zamanı Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdir müavini Şəmsi Rzalı təqdimatla çıxış edərək 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsində bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edildiyini bildirib. Bundan əlavə, rəqabəti məhdudlaşdıran sazişlər, təmərküzləşmələr və hökmran mövqedən sui-istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.
Eyni zamanda, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsi, rəqabətin qorunması və inkişaf etdirilməsi istiqamətində Məcəllənin tətbiq dairəsinin genişləndirildiyi və yeni qanunvericilikdə müasir ticarət modellərinin nəzərə alındığı vurğulanıb.
Tədbir çərçivəsində, həmçinin rəqabət qanunvericiliyinin pozulması hallarında dövlət nəzarət tədbirləri diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Fuad Mədətov
Fins.az