SOSİUM

12 İyun

Buzlaqların əriməsi böyük problemləri qaçılmaz edir

Son illər ən çox müzakirə olunan qlobal problemlərdən biri iqlim dəyişikliyidir. Okeanlarda buzlaqların əriməsi, su ehtiyatlarının azalması, quraqlıq və havanın temperaturunun getdikcə artması bütün dünyanı narahat edən məsələlərdəndir.
Fins.az xəbəfr verir ki, qlobal istiləşmə atmosferin və okeanların isinməsinə səbəb olur. Temperaturun artması buzlaqların əvvəlkindən daha sürətli əriməsi, nəticədə dəniz və okean sularının səviyyəsinin yüksəlməsi ilə nəticələnir.  Yer kürəsinin təxminən 10 faizini əhatə edən buzlaqlarda həm də şirin su ehtiyatlarının 70 faizə qədəri cəmləşib.
Okean axınları nəticəsində buzlaqların altına daxil olan isti su buz parçalarının əriməsini sürətləndirir. Məsələn, Antarktidada aparılan tədqiqatlar nəticəsində okeandakı "Thwaites" buzlağının isti dəniz suyu səbəbindən intensiv şəkildə əridiyi məlum olub. Mütəxəssislər bunun davam edəcəyi təqdirdə 2100-cü ilə qədər dəniz səviyyəsinin 65 santimetr yüksələcəyini bildirirlər. Antarktidanın şərqində yerləşən bu buzlağı yaradacağı təhlükələrə görə "Qiyamət buzlağı" adlandırırlar. 192 min kvadratkilometr səth sahəsi ilə Antarktidanın ən böyük buzlaqlarından biri olan və qlobal dəniz səviyyəsinin yüksəlməsində ciddi məsuliyyət daşıyan "Thwaites" iqlim dəyişikliyinin təsirləri sürətləndikcə hər il təxminən 50 milyard ton buz itirir.
Atmosfer hadisəsi olan El Ninonun meydana gəldiyi 2023-cü ilin mart və iyun ayları arasında alınan peyk məlumatlarının da istifadə edildiyi araşdırmada elm adamları qabarma-çəkilmə nəticəsində isti dəniz suyunun buzlağın 6 kilometr içinə keçdiyini müəyyən ediblər. Təzyiqli dəniz suyunun hər il buzlağı 20 metr əridəcəyi vurğulanır. Bu isə ildə 60 milyon olimpiya hovuzuna bərabərdir. Hesablamalara görə, buzlağın tam əriməsi qlobal dəniz səviyyəsinin 3,5 metrə qədər qalxmasına səbəb olacaq. Bu zaman qonşu buzlaqların da hərəkətə keçmə təhlükəsi yaranacaq.
Tədqiqatçılar bildirirlər ki, buzlağın  əriməsi okeanlarda və sahilyanı ərazilərdə bir çox bitki və heyvan növünün yox olmasına səbəb olacaq. Eyni zamanda bu, sel, daşqın, şirin su ehtiyatları problemi, kənd təsərrüfatı istehsalının azalması və iqtisadi itkilərə səbəb olacaq. Dəniz səviyyəsinin qalxması bütün sahilyanı və ada ölkələrini təhdid etsə də, bəzi ölkələr digərlərinə nisbətən daha çox risk altındadır. Maldiv, Tuvalu, Marşal adaları, Kiribati, Solomon adaları, Banqladeş, Hollandiya, Vyetnam, İndoneziya və Yaponiya kimi əhalinin sahil zolağında sıx məskunlaşdığı ölkələrdə dəniz səviyyəsinin qalxması milyonlarla insana təsir edəcək və böyük maddi ziyana səbəb olacaq.
Tədqiqatçılar bu ölkələrin su altında qalma riskini azaltmaq üçün təcili addımların atılmasının vacibliyini vurğulayır, bir sıra təkliflər irəli sürürlər. Bu təkliflər arasında dəniz divarlarının qurulması, sahil zolağının yüksəldilməsi, şirin su ehtiyatlarının qorunması, kənd təsərrüfatı istehsalında duza davamlı məhsulların yetişdirilməsi və miqrasiya planlarının hazırlanması kimi tədbirlər var. Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə və su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir.

 

© "Azərbaycan"