Bizim COP29-un əsas mövzularından biri iqlim maliyyələşdirilməsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
“Dünyada hazırda qlobal səviyyədə bir sıra böhran yaşanır. Müharibələr, yoxsulluq, qida çatışmazlığı, iqlim dəyişiklikləri… Bu problemlər ölkəyə və onun coğrafi məkanına görə dəyişir. Hazırda qlobal səviyyədə yaşıl iqtisadiyyata keçid üçün trilyonlarla pul lazımdır. Bizi ölkə olaraq düşündürən əsas sual - bu maliyyə haradan gələcək? Biz özümüz Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Eyni zamanda, da, dünyada hazırda çoxsaylı fəlakətlər baş verir. Dayanıqlıq mövzusu hazırda çox ciddi bir reallıqdır. 20-ci əsrin sonunda böyük şirkətlərin əsas məqsədi mənfəət qazanmaq idi, amma indi hər şey dəyişir əsas önəm reputasiya üzərindədir”, - deyə N.Arpadarai bildirib.
Ətraf mühitin qorunmasının önəmini vurğulayan N.Arpadarai əlavə edib ki, dayanıqlı inkişafın əsas məqsədi hazırda mövcud resursları gələcək nəsillərə olduğu səviyyədə və ya daha yaxşı vəziyyətdə çatdırmaqdır: “Artıq bizim su resurslarımız tükənir. Bütün bizim ekoloji sərvətimiz sonsuz deyil və biz bunu ildən-ilə daha çox görürük. Urbanizasiyanın çoxalması, istehlakın və istehsalın effektiv olmaması dünyada bərabərsizliyin daha da artmasına səbəb olur. Bütün dayanıqlı olmayan inkişafı səmərəsiz hesab edirəm. Bizim dövrün insanları müharibələr, pandemiya və bərabərsizliyin daha da kəskinləşdiyini gördü. Buna görə düşünürəm ki, daha kəskin addımlar atmaq lazımdır. Ölkəmizdə BMT-nin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dəstək çərçivəsində dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. Yaşıl iqtisadiyyata keçid bahalı prosesdir. Buna baxmayaraq ölkəmizdə bu proses artıq uzun illərdir ki, başlayıb. Hazırda da isə sürətlə inkişaf etməyə davam edir. Gələcək dayanıqlı iqtisadiyyatın arxasındadır”.
N.Arpadarai diqqətə çatdırıb ki, onların komandası Qeyri- Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti, sahibkarlar, şəhər nümayəndələri, xeyriyyə cəmiyyətləri ilə iş aparır, onlarla hökumətlər arasında körpü yaratmaq missiyasını həyata keçirirlər.