İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) BMT-nin İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Özbəkistan Respublikasının dövlət qurumlarının nümayəndələrindən ibarət qrupun üzvləri ilə görüş keçirilib.
Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.
İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov isə Mərkəzin monitorinq və qiymətləndirmə fəaliyyətindən danışıb və bu sahədəki təcrübələrini bölüşüb. O, İİTKM-in nəzdində tam təkmil monitorinq və qiymətləndirmə institutunun formalaşdırıldığını və burada ən səmərəli metodologiyalardan, o cümlədən rəqəmsal həllərdən istifadə olunduğunu bildirib.
İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova isə türk dünyasının iqtisadi potensialının araşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, TDAM-ın rüblük dövrilikdə 8 dildə “Türk iqtisadi icmalı”nı hazırlayaraq, aidiyyəti ölkələrə göndərdiyini bildirib. O, həmçinin qonaqlara “Türk dövlətləri iqtisadiyyatı” kitabını təqdim edib.
Görüşün sonunda gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin qonaqların sualları cavablandırılıb.