Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının məşğulluq imkanlarının artırılması öhdəliyini davam etdirir.
Fins.az xəbər verir ki, cari ilin yanvar ayında məzun olmuş 60 nəfərdən əmək bazarına yararlı tələbələrin 40%-a yaxını müxtəlif özəl və dövlət qurumlarında işlə təmin olunublar.
Qeyd edək ki, 2023-cü ildə məzun olmuş 60 nəfərin 78%-i üçün iş imkanları yaradılıb.
Proseslərin davamı olaraq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) 11 nüfuzlu şirkətin İnsan Resurslarının nümayəndə heyətinin iştitakı ilə “HR günü” tədbiri baş tutub. Görüşdə HR mütəxəssisləri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə, eyni zamanda tələbələrlə yaxından tanış olub, onların karyera imkanları istiqamətində suallarını cavablayıblar. “Technion” mütəxəssisləri tərəfindən HR mütəxəssisləri üçün kiber maarifləndirmə sessiyası baş tutub. HR mütəxəssisləri mərkəzin nümayəndələri ilə birgə AKM məzunlarının məşğulluğunun artırılması ilə yanaşı, kibertəhlükəsizliyin fərqli sahələri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, hazırda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin 4-cü dalğası üzrə qeydiyyatı davam etdirir. Qeydiyyatdan keçib bütün mərhələləri uğurla keçən 60 nəfər 6 aylıq ödənişsiz təlim proqramından yararlanacaq.
Ətraflı məlumat və qeydiyyat üçün: //www.akm.az/
Son qeydiyyat tarixi: 5 may 2024-cü il.
Fuad Mədətov
Fins.az