SOSİUM

15 Aprel

Sahibkarların cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq, respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.

Fins.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında deyilir.

"Lakin son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir.

Bununla bağlı Səhiyyə Nazirliyi bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər.

Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir", - məlumatda deyilir.

Fuad Mədətov
Fins.az