SOSİUM

10 Aprel

MİDA 8 ildə on minlərlə vətəndaşı sevindirib – HESABAT

8 illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasına başlayıb. Həmin layihələrdən 6-nın inşası tamamlanıb, 5 layihə isə hazırda reallaşdırılır.

Bu barədə AZƏRTAC-a MİDA-dan bildirilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə və rəhbərliyi altında ardıcıl həyata keçirilən geniş sosial-iqtisadi islahatların davamı olaraq Prezidentin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Sonradan “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsə çevrilib.

Agentliyin yaradılmasında əsas məqsəd ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsini təmin etməkdir.

Yarandığı dövrdən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində Agentlik tərəfindən, ilk növbədə, çoxmənzilli binaların tikintisi sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilib, binaların tikintisi üçün torpaq sahələrinin seçilməsi, layihələndirmə və tikinti işlərinin planlaşdırılması istiqamətində zəruri addımlar atılıb.

8 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasına başlayıb. Həmin layihələrdən 6-nın inşası tamamlanıb, 5 layihə isə hazırda reallaşdırılır.

Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil ) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb. Beləliklə, 8 il ərzində Agentliyin layihələrindən ümumilikdə 9 444 ailə güzəştli mənzil əldə edib ki, bu da on minlərlə vətəndaşı əhatə edir.

Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır.

Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.

Hazırda icrası davam etdirilən layihələr hansılardır?

Hazırda icrası davam etdirilən layihələr Lənkəran Yaşayış Kompleksi, Sumqayıt Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksidir. Bu layihələrdə ümumilikdə 4000-ə yaxın (3 692) mənzilin, 2 məktəb və 3 uşaq bağçasının tikilməsi nəzərdə tutulub.

Binəqədi Yaşayış Kompleksinin ümumi sahəsi 9 hektar təşkil edir. Yaşayış kompleksi 28 binadan ibarətdir. Bu binalarda ümumilikdə 1 398 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumi sahəsi 2 hektar olan Sumqayıt Yaşayış Kompleksi 11 binadan ibarətdir. Bu binalarda ümumilikdə 461 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik bir uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur.

Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var.

8 hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. Artıq kompleksin inşasına başlanılıb. 9 mərtəbəli və 12 mərtəbəli binalarda ümumilikdə 1 264 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur.

2 hektara yaxın ərazidə inşa olunan Yevlax Yaşayış Kompleksi 7 mərtəbəli olmaqla 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin digər regionlarında da güzəştli mənzillərin tikintisi məqsədilə müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi və əhalinin mənzil ehtiyacının öyrənilməsi istiqamətində araşdırma işləri mütəmadi olaraq aparılır və nəticələrinə uyğun olaraq torpaq sahələri seçilərək tikinti işləri həyata keçirilir.

MİDA Qarabağda və Şərqi Zəngəzurda

Qarabağa Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün Prezidentin tapşırıqlarına uyğun olaraq Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunur. Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. Artıq Füzuli Yaşayış Kompleksində 666 ailə, 2 517 nəfərin daimi məskunlaşması təmin edilib.

Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin inşası da sürətlə davam etdirilir. Ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Yaşayış kompleksinin inşasının bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Paralel olaraq hazırda Agentlik tərəfindən Xocalıda 3,34 hektar ərazidə 180 mənzildən ibarət 3 mərtəbəli 15 ədəd yaşayış binasının əsaslı təmiri və yenidən qurulması, həmçinin ərazinin abadlaşdırılması işi həyata keçirilir.

MİDA Naxçıvanda

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan “Əhalinin mənzil alışına əlçatanlığının yaxşılaşdırılması” tədbiri ilə bağlı icraçı qurumlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir. Bununla əlaqədar olaraq Agentlik tərəfindən Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsinə başlanılıb.