Technovate şirkəti dünyanın hər yerindən startapları bir araya gətirən ən prestijli qlobal startap yarışması olan “Startaplar üzrə Dünya Çempionatı”nı Azərbaycana gətirir. Çempionatda yerli və regional startaplar qlobal nüfuz əldə etmək və yekunda 1 milyon ABŞ dolları qazanmaq üçün mübarizə aparacaqlar.
Fins.az xəbər verir ki, Technovate şirkətinin rəhbəri Fərid İsmayılzadə tərəfindən Startaplar üzrə Dünya Çempionatının (“Startup World Cup” (SWC)) Azərbaycanda keçirilməsinə dair SWC və “Pegasus Tech Ventures” ilə anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən SWC-nin 2024-cü il üzrə qlobal startap yarışmasının regional mərhələlərindən biri 20 sentyabr tarixində ADA Universitetində keçiriləcək.
Qeyd edək ki, Startaplar üzrə Dünya Çempionatı (SWC) “Pegasus Tech Ventures” tərəfindən keçirilən, innovasiya və sahibkarlığı dəstəkləyən və əsasən investisiya mükafatı qazanmaq, potensial investorlar, mentorlar və tərəfdaşlarla tanış olmaq şansı uğrunda yarışmaq üçün dünyanın hər yerindən startapları bir araya gətirən qlobal bir yarışdır.
Müsabiqədə yerli və müxtəlif ölkələrdən olan startaplar öz biznes ideyalarını və hazırladıqları məhsulları münsiflərin qarşısında təqdim edəcəklər. Regional mərhələdə uğurlu olan startaplar ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək müsabiqənin final mərhələsində yekun mükafat olan 1 milyon ABŞ dollarını qazanmaq üçün yarışacaqlar. Final mərhələsində iştirak edəcək startaplar bir sıra nəhəng şirkətlərin qurucuları və eləcə də qlobal ekosistem oyunçuları ilə tanış olmaq, beynəlxalq arenada öz biznes ideyaları ilə çıxış edərək nüfuz qazanmaq və xarici investorları cəlb etmək kimi imkanlar əldə edəcəklər.
Müsabiqədə iştirak etmək istəyən startaplar //www.startupworldcup.io/azerbaijan-regional linkinə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə iştirak tamamilə ödənişsizdir və müsabiqənin final mərhələsinə vəsiqə qazanmış startapların ABŞ-a səyahət və digər bütün xərcləri məhz Technovate şirkəti tərəfindən tamamilə qarşılanacaqdır.
Fuad Mədətov
Fins.az