İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin təlim mərhələsinə başlanıb.
Fins.az xəbər vereir ki, aprel və may ayları boyunca Nevada Universiteti (University of Nevada), Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi (German Research Center for Artificial Intelligence), “Mersedes Benz” şirkəti (Mercedes-BENZ Consulting), Oksford Universiteti (Oxford University), Polşanın Varşava İqtisadiyyat İnstitutu (Warsaw School of Economics), Cənubi Afrikanın Yohanesburq Universiteti (University of Johannesburg), Rusiyanın Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA) və Türkiyənin OSTİM Texniki Universitetinin beynəlxalq səviyyəli mentorları tərəfindən keçiriləcək təlim sessiyalarında 41 komanda iştirak edir.
“Startup School 2” layihəsində ilk təlimi Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru, Dr. Nicat Mehdiyev keçib. O, təlimin “Süni intellektin başa düşülməsi: əsas konsepsiyalardan qabaqcıl tətbiqlərə qədər” (Understanding AI: From Core Concepts to Cutting-Edge Applications) adlı hissəsində süni intellektin əsas konsepsiyalarını, o cümlədən maşın öyrənməsi, neyron şəbəkələri və alqoritmlərini izah edib, onların işini və əhəmiyyətini aydın şəkildə başa düşməyi təmin edib. N.Mehdiyev süni intellektin sənaye obyektlərində etdiyi inqilabi dəyişikliklər və texnologiyanın gələcəyi barədə konkret misallar nümayiş etdirib.
Təlimin “Maşın öyrənmə spektri: nəzarət edilən öyrənmədən nəzarətsiz öyrənməyə qədər” (The Spectrum of Machine Learning: From Supervised to Unsupervised Learning) adlı hissəsində isə N.Mehdiyev maşın öyrənmənin spektrini və özünəməxsusluqlarını təsvir edərək, nəzarət edilən öyrənmədən nəzarətsiz öyrənmə paradiqmalarına keçidi aydınlaşdırıb. Ətraflı təhlil vasitəsilə o, hər bir yanaşmanın metodologiyalarını, tətbiqlərini və nəticələrini nümayiş etdirib, süni intellektin mənzərəsi haqqında anlayışlar təqdim edib. Sonda bu istiqamətlərdə startapçılara xüsusi tapşırıqlar verilib.
Qeyd edək ki, treninqlərin sonunda seçilən 10 ən yaxşı layihə (komanda) növbəti mərhələdə “SABAH.HUB”ın inkubasiya mərkəzində 2 həftə ərzində canlı mentorluq proqramına qatılacaq.
Fuad Mədətov
Fins.az