İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” layihəsinin təlim mərhələsində iştirak edəcək komandaların sayı 41-ə çatdırılıb. İlk mərhələdə seçilmiş 28 komanda ilə birlikdə daha 13 komanda dünyanın tanınmış mentorlarının iştirakı ilə aprel və may aylarında keçiriləcək təlimlərə qatılacaqlar. Bununla bağlı layihənin münsiflər heyəti qərar qəbul edib.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva bildirib ki, burada məqsəd daha çox gəncə inkişaf imkanı yaratmaqdır. Bu layihələrin əsas siyahıda olan layihələrdən fərqi isə odur ki, onlar 15 gün sınaq müddəti ərzində verilən imkanı layiqincə dəyərləndirə bilsələr, son müsabiqə turunda iştirak edəcəklər.
Qeyd edək ki, builki layihələrin arasında xarici ölkələrin nüfuzlu universitetlərinin komandaları da yer alır. Almaniyanın Duisburq Essen (University Duisburg Essen), Kanadanın Kalqari (University of Calgary), Finlandiyanın Temper (Tampere), Çexiyanın Praqa (CZU Pragua), Cənubi Afrika Respublikasının UNISA, Polşanın İqtisadiyyat və Sosial Elmlər (University of Economics and Human Sciences in Warsaw), Cənubi Koreyanın İnha (Inha University), Türkiyənin Hacettepe, Koç və OSTİM universitetlərinin tələbələri də “Startup School 2” layihəsi çərçivəsində həm öyrənəcəklər, həm də rəqibləri ilə mübarizə aparacaqlar.
Budəfəki müsabiqənin digər özəlliyi yerli layihələrin coğrafiyasının daha da genişlənməsidir. Bu il layihəyə paytaxtla yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran dövlət universitetlərinin və Gəncədə yerləşən Azərbayan Dövlət Aqrar Universitetinin tələbələri də qoşulublar. Bu, rəqabəti artıracaq faktor kimi qiymətləndirilir.
Qeyd edək ki, “Startup School 2” layihəsinin rəsmi açılış mərasimi 5 aprel 2024-cü il tarixində onlayn formatda keçiriləcək. Mərasimdə layihənin bütün mentorları, partnyorları və rəsmi qonaqlar iştirak edəcəklər. Ümumilikdə, “Startup School 2”yə Azərbaycandan və dünyanın ayrı-ayrı ölkələrindən 121 layihə müraciət edib.