SOSİUM

03 Aprel

KOBSKA “İftar Süfrəsi” təşkil edib

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 1 aprel tarixində ``Four Seasons Baku``da  “İftar süfrəsi” təşkil edilib.

Fins.az xəbər verir ki, mərasimdə millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, media nümayəndələri, assosiasiyalar, biznes klublar və müxtəlif şirkətlərin rəhbərləri iştirak edib.

Mərasim din xadiminin Quran ayələri səsləndirməsi və Azan oxuması ilə başlayıb.

Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova çıxış edib. Salamlama nitqindən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sahibkarlar və sahibkarlığa aid tövsiyyə və fikirlərini əks etdirən video-çarx nümayiş etdirilib. Növbəti çıxış üçün səhnəyə Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dəvət olunub. O da öz növbəsində, tədbir iştirakçılarına öz xoş diləklərini bildirib və ölkə iqtisadiyyatında sahibkarlıq mühitinin inkişafının əhəmiyyətindən və dövlətin bu istiqamətdəki dəstək mexanizmlərindən bəhs edib.Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov çıxış edib. O, tədbirin təşkilatçılığı üçün KOBSKA-ya təşəkkürünü bildirib. Sonrasında sahibkarlığın sürətli inkişafını, bu tip tədbirlərin mahiyyətini və böyük bizneslərin formalaşmasını təmin edən KOBİA-nın kiçik və orta bizneslər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəliklərini vurğulayıb, görülən işlərdən danışıb. Sonda isə bütün qonaqlara xoş diləklərini çatdırıb.

Tədbir Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) tərəfindən 2024-cü ildə planlaşdırılan layihələrin qısa təqdimatı ilə davam edib.

Sonda “İftar süfrəsi”-nin təşkilində dəstək olan şirkətlərə ``Təşəkkürnamə``lər təqdim olunub.

Qeyd edək ki, “İftar süfrəsi”  “Tahmazov Group”, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), İNSUN Yaşam Mərkəzi və “Macis Group”-un dəstəyi ilə keçirilib. İftar süfrəsində ümumilikdə 250 nəfərdən çox qonaq iştirak edib.

Fuad Mədətov
Fins.az