SOSİUM

18 Mart

Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidməti: Xidmət haqqının öyrənilməsi və ödənilməsi

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər üzrə xidmət haqqı Tarif (Qiymət) Şurasının “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2023-cü il tarixli qərarına əsasən müəyyən olunur.

Fins.az xəbər verir ki, müraciət edənlər xidmət haqqı barədə məlumatı xidmət yerinə gəlmədən elektron qaydada öyrənə bilərlər. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalındakı (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” bölməsinə daxil olmaqla xidmət haqqını öyrənmək mümkündür. Vətəndaşlar müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqı olaraq ödəniləcək məbləğlə tanış ola bilər.

Xidmət haqqı ilə bağlı məbləğin ödənilməsini də elektron şəkildə həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” elektron xidmətinə daxil olmaqla onlayn ödəniş edə bilər.