SOSİUM

15 Mart

Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilib

Rəqabət Məcəlləsində təsbit edilmiş “hökmran mövqe” anlayışı, hökmran mövqedən sui-istifadənin formaları və digər məsələlər barədə sahibkarlıq subyektlərinə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən telekommunikasiya, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, tikinti və digər sahələrdə fəaliyyət göstərən bir sıra təsərrüfat subyektlərinin nümayəndələri üçün “Rəqabət Məcəlləsində təsbit edilmiş hökmran mövqe və ondan sui-istifadənin bütün formalarının müzakirəsi” mövzusunda seminar keçirilib.

40-a yaxın biznes təmsilçilərinin qatıldığı seminarda 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsində yer alan “hökmran mövqe” anlayışı, təkbaşına və ya birgə hökmran mövqenin formaları, hökmran mövqeyə və şəbəkə effektinə malik olan təsərrüfat subyektlərinin müvafiq bazara təsir imkanları, hökmran mövqedən sui-istifadə formaları barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində, həmçinin rəqabəti məhdudlaşdıran sazişlər, habelə üfüqi və şaquli sazişlər, istisna edilmiş və az əhəmiyyətli sazişlərə dair izahlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.