Seminarın əsas məqsədi Rəqabət Məcəlləsində təsbit edilmiş yeni anlayışlar, müvafiq tənzimləmə üsulları barədə məlumatın verilməsi, həmçinin Məcəllənin tətbiqinin özəl sektorun inkişafı və sahibkarlıq subyektləri üçün eynişərtli rəqabət imkanlarının təmin edilməsində rolu ilə bağlı sahibkarları maarifləndirmək olub.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına üzv olan sahibkarlar üçün “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda seminar təşkil olunub.
70-ə yaxın sahibkarın iştirak etdiyi seminarda Rəqabət Məcəlləsində antiinhisar nəzarəti, haqsız rəqabət və təbii inhisar sahələri üzrə tənzimləmələr ilə bağlı nəzərdə tutulan yeniliklər, Məcəllənin üstünlükləri və tətbiqinin gözlənilən nəticələri barədə məlumat verilib. Tədbir çərçivəsində, həmçinin bazarları tənzimləmə metodları, rəqabət siyasətinin prinsipləri və qanun pozuntularına görə məsuliyyət tədbirlərindən bəhs olunub.
Bundan əlavə, tədbir çərçivəsində sahibkarlarla hökmran mövqedən sui-istifadə edilməsi, rəqabəti məhdudlaşdıran sazişlər, təsərrüfat subyektlərinin təmərküzləşmə hesab olunan fəaliyyətləri və sahibkarlıq fəaliyyətində haqsız rəqabətə yol verilmə halları ilə bağlı qarşılıqlı müzakirələr baş tutub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Fuad Mədətov
Fins.az