SOSİUM

16 Fevral

Naxçıvan MR ƏƏSMN-nin HESABATI

Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və operativliyinin təmin edilməsi üçün proaktiv xidmətlərin yaradılması və əhatəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Fins.az-a verilən məlumata görə, bu sahədə proaktiv xidmət mexanizminin qurulması şəffaflığa, vətəndaş rahatlığına və məmnunluğuna imkan yaradır. Proaktiv xidmətlə təyinat və ödəniş vətəndaş müraciətinə və sənəd təqdimatına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada həyata keçirilir.

Yanvar ayında pensiya təyin olunmuş şəxslərin 80 faizinə proaktiv qaydada xidmət göstərilib

2023-cü ildən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara proaktiv qaydada pensiya, müavinət və təqaüdün təyin olunmasına başlanılıb. Hazırda pensiya təminatı sahəsində ümumi əsaslarla yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə əmək pensiyasının təyinatları proaktiv qaydada həyata keçirilir. 2024-cü ilin yanvar ayında 187 nəfərə proaktiv qaydada əmək pensiyası təyin edilmişdir ki, bu da pensiya təyin olunmuş şəxslərin 80 faizini təşkil edir.

Ötən ay 654 nəfərə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub

Sosial müavinət və təqaüd sahəsində ümumi qaydada yaşa, əlilliyə görə, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə görə aylıq sosial müavinətlərin təyin edilməsi, həmçinin bir sıra təqaüdlərin təyinatları proaktiv qaydada həyata keçirilir. Bu istiqamətdə yanvar ayında 654 şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub.

Birdəfəlik müavinətlər də yeni qaydada təyin edilir

Məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi də proaktiv qaydada icra olunur ki, yanvar ayında 585 nəfərə proaktiv qaydada bu müavinət növü təyin olunub.

Naxçıvanda ötən ay 1426  şəxs proaktiv xidmət mexanizmindən yararlanıb

Ümumilikdə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 33 istiqamət üzrə sosial ödəniş təyinatı proaktiv qaydada icra olunur ki, 2024-cü ilin yanvar ayında da 1426 şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin edilib və ödənilməsi həyata keçirilib.

Fuad Mədətov
Fins.az