Müstəqil Azərbaycanın dəniz nəqliyyatının zəngin tarixinin yazılmasında müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Dəniz nəqliyyatı sahəsinin inkişafında həlledici rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması, Böyük İpək Yolunun bərpası və Birləşmiş Millətlər Təşkilatının dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Əminliklə demək olar ki, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsi bu gün yeni inkişaf mərhələsindədir. Belə ki, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması dəniz nəqliyyatı ilə daşımalar həyata keçirən şirkətlərin, dəniz limanlarının, habelə gəmilərin inşası, modernləşdirilməsi və təmiri müəssisələrinin fəaliyyətinin intensivləşməsinə, funksionallığının artmasına səbəb olub.
Fins.az Dövlət Dəniz və Liman Agentliyinin yaranma tarixi haqqında geniş məlumatı təqdim edir.
Dəniz nəqliyyatı sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı – Dövlət Dəniz Administrasiyası 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb.
Sözügedən Sərəncama əsasən, dəniz nəqliyyatı sahəsində aparılan dövlət siyasətinin müəyyən edilməsi, habelə Beynəlxalq Dəniz Təşkilatı, müvafiq sahə üzrə digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətləri Dövlət Dəniz Administrasiyasına tapşırılıb.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, 2021-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Dövlət Dəniz və Liman Agentliyinin keçdiyi inkişaf yolu
1995-ci ildən etibarən Beynəlxalq Dəniz Təşkilatına üzv olan Azərbaycan Respublikası dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.
2004-cü ildən Xəzər dənizinin dəniz naviqasiya xəritələrinin, 2007-ci ildən isə Beynəlxalq Hidroqrafiya Təşkilatının standartlarına uyğun olaraq müasir proqram təminatları vasitələri ilə elektron dəniz naviqasiya xəritələrinin hazırlanmasına başlanılıb.
2011-ci ildən Dövlət Dəniz Administrasiyasında Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi (hazırkı Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi) fəaliyyət göstərməyə başlayıb. Sözügedən mərkəz ölkəmizin qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın (SOLAS) tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycanda yaradılıb.
Ötən dövr ərzində dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar zamanı dənizçilərə verilmiş diplom və sertifikatların Avropa İttifaqı tələblərinə uyğunluğunun tanınması haqqında 2011-ci ildə müvafiq qərar qəbul edilib.
Dənizçilərin hazırlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması sahəsində fəaliyyət ilk dəfə 2016-cı ildə Beynəlxalq Dəniz Təşkilatının mütəxəssisləri tərəfindən yoxlanılıb, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olması ilə bağlı adı çəkilən təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasında müvafiq qərar qəbul edilib.
Bu qərardan sonra həyata keçirilən səmərəli və effektiv fəaliyyətin göstəricisi olaraq Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”nda yer alıb. Bu isə Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərə verdiyi sertifikat (diplom) və xüsusi hazırlıq şəhadətnamələrini bütün dəniz dövlətlərinin tanımasına səbəb olub.
2017-ci ildə Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Audit Sxeminə əsasən, adı çəkilən təşkilatın Audit Ekspert Qrupunun ölkəmizə səfəri zamanı apardığı yoxlamaların nəticəsində Azərbaycan 174 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa ölkələrini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.
2022-ci ildə Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sistemi ikinci dəfə Beynəlxalq Dəniz Təşkilatının audit yoxlamasından uğurla keçib. Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 105-ci sessiyasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası “Ağ siyahı”da yer alıb. Bu isə öz növbəsində Agentliyin dənizçilərə verdiyi diplom və sertifikatların Beynəlxalq Dəniz Təşkilatının üzvü olan 175 dövlət tərəfindən tanınmasına yol açıb.
Beynəlxalq müstəvidə əldə olunan nailiyyətlər
Azərbaycan 2022-ci ilin sonlarında həyata keçirilməsinə başlanılan və hazırda davam edən Qara dəniz və Xəzər regionu üzrə ikinci layihədə iştirak edən benefisiar ölkələrdən biridir.
Qeyd edək ki, bu layihə çərçivəsində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin təsdiq etdiyi fəaliyyət planı üzrə benefisiar ölkələrə kadr potensialının gücləndirilməsi istiqamətində texniki dəstək göstərilir. Sözügedən sahədə bugünkü münasibətlər sisteminin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Dövlət Dəniz və Liman Agentliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olub. Təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və NATO kimi digər mühüm beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirib.
Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyətində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlərə də xüsusi diqqət ayırıb. Belə ki, hesabat dövrü ərzində dəniz nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq nəticəsində Türkiyə, İtaliya, Yunanıstan, Polşa, Bolqarıstan, Serbiya, Qazaxıstan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya Haşimilər Krallığı və Koreya Respublikası ilə müvafiq sənədlər imzalanıb.
Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Mobil Peyk Təşkilatı, Dəniz Naviqasiya Avadanlıqlarına dair Beynəlxalq Təşkilata (hazırkı Dəniz Naviqasiya Avadanlıqları və Mayaklar üzrə Beynəlxalq Assosiasiya) üzv olmaq istiqamətində də məqsədyönlü işlərin icrasına başlayıb.
Gəmilərdən havaya atılan tullantıların illik miqdarının 2050-ci ilədək 2008-ci illə müqayisədə ən azı 50% azaldılması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı və Norveç Krallığının təqdim etdiyi “Yaşıl səfər – 2050” layihəsində Azərbaycan yeni pilot ölkə qismində iştirak hüququ qazanıb. Azərbaycan layihəyə 174 üzv dövlət sırasından seçilən 7 ölkədən biridir.
Azərbaycan gəmiçiliyi
2024-cü ilin 1 yanvar tarixinə olan məlumata görə, ümumi olaraq Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində 500 gəmini qeydiyyata alıb. Qeydiyyata alınan gəmilərin sayı 2003-cü il üzrə göstəricidən 39% çoxdur.
2023-cü il üzrə yalnız Beynəlxalq Dəniz Təşkilatının identifikasiya nömrəsinə sahib və müvafiq kriteriyalara cavab verən 246 gəmi üzrə ümumi tonnaj 817705 GT olub. Bu göstərici bütün dövrlər üzrə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Beynəlxalq Dəniz Təşkilatına təqdim edilən ümumi tutum hesabatına görə ən yüksək nəticədir.
Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və digər xarici sularda üzən gəmilərdə illik orta hesabla 100 yoxlama keçirilib. Azərbaycan Respublikasının 2006-cı ildə qoşulduğu “Beynəlxalq gəmiçiliyin asanlaşdırılması haqqında” Konvensiyanın tələblərindən irəli gələrək 2024-cü il yanvarın 1-dən tətbiq edilməsi məcburi olan “Vahid dənizçilik pəncərəsi” sisteminin 2023-cü ildə demo versiyası hazırlanıb.
Azərbaycanda dəniz limanları
Ötən 20 il ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılıb, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlib.
2014-cü ildə “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2015-ci ildə isə “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası” təsdiq edilib. Qərar qəbul edildikdən sonra “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri yaradılıb. Sözügedən reyestrdə 2016-cı ildə 5, 2022-ci ildə isə 2 dəniz limanı qeydiyyata alınıb.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının sahilboyu ərazilərində fəaliyyət göstərən 21 digər liman infrastrukturuna malik dəniz əməliyyatları obyektləri mövcuddur.
Milli kadrların idarəetməsi
Son 20 ildə dəniz nəqliyyatı sahəsi üzrə gənclərin və istedadlı milli kadrların irəli çəkilməsi, onların bilik və bacarıqlarının artırılması üçün xaricdə təhsil almaları, yerli və beynəlxalq təlimlərdə iştirak etmələri məsələlərinə də xüsusi önəm verilib.
Belə ki, həmin ərzində dəniz nəqliyyatı sahəsində çalışan 10-dan çox gənc Beynəlxalq Dəniz Təşkilatının müvafiq sahə üzrə ixtisaslaşmış təhsil müəssisələri olan Dünya Dənizçilik Universiteti (WMU) və Beynəlxalq Dəniz Hüququ İnstitutunda (IMLI) təhsil alıb. Hazırda sözügedən təhsil ocaqlarında Dövlət Dəniz və Liman Agentliyinin 3 əməkdaşı təhsil alır.
Vaxtında atılan mühüm strateji addımlar, əldə olunmuş uğurlar, eyni zamanda planlaşdırılan işlər sübut edir ki, Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistika qovşağına, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində vacib tranzit ölkəyə çevrilib.
Fuad Mədətov
Fins.az