SOSİUM

15 Fevral

Əhali ticarət şəbəkələrində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 2,5 milyard manat xərcləyib

2024-cü ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,0 faiz artıb.

2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Fuad Mədətov
Fins.az