SOSİUM

12 Fevral

Texniki pasport və torpaq sahələrinə dair sənədlərin verilməsi elektronlaşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun yüksəldilməsi, daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi və xidmət prosedurlarının sadələşdirilməsi məqsədilə yeniliklərin tətbiqini davam etdirir.

Dövlət Xidmətinin məlumatına görə, son yeniliklərdən biri texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron formatda təqdim edilməsi imkanıdır. Belə ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri 1 fevral 2024-cü il tarixindən etibarən elektron qaydada təqdim olunur.

Həmin sənədlərin elektron imza ilə təsdiqlənmiş elektron nüsxəsi SMS bildirişi vasitəsilə müraciət edən şəxslərə göndərilir. Vətəndaşlar, həmçinin, SMS bildirişi vasitəsilə göndərilən linkə daxil olmaqla, “Xəritədə bax” düyməsini sıxaraq daşınmaz əmlakın ünvanını da onlayn xəritədə müəyyənləşdirə bilərlər.

Çıxarışların elektron qaydada verilməsindən sonra texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin də elektronlaşdırılması nəticəsində hazır sənədlərin əldə edilməsi üçün xidmət məntəqələrinə gəlmək zərurəti tamamilə aradan qaldırılıb. Bu da vətəndaşlara vaxta qənaət etmək imkanı yaradır.

Bu yenilik ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakın qeydiyyatını daha da sadələşdirməklə operativliyi və şəffaflığı daha da artırır. Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron müstəviyə keçirilməsi aidiyyəti sorğuların cavablandırılması, əmlak üzərində iqtisadi əməliyyatların aparılması işini optimallaşdırır.

Bununla yanaşı, kağız formada olan texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə aradan qaldırılır.