SOSİUM

08 Fevral

“Aztelekom” MMC əməyin təhlükəsizliyi üzrə təlimlərə 3060 nəfəri cəlb edib

“Aztelekom” MMC əməkdaşların və ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə 2023-cü il ərzində “Onlayn Azərbaycan” layihəsində iştirak edən əməkdaşlar və podratçı şirkətlərin işçi heyəti üçün bu sahədə səyyar təlimlər həyata keçirib.

Fins.az xəbər verir ki, əməkdaşların təhlükəsizlik texnikası, xüsusilə də elektrik təhlükəsizliyi sahəsində maarifləndirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyan təlimlərə ümumilikdə 3060 əməkdaş cəlb olunub.

SƏTƏMM mühəndislərinə keçirilən təlimdə regionlar üzrə işə yeni qəbul olunan şəxslərlə yanaşı, podratçı şirkətlərin əməkdaşları da iştirak ediblər. 20 saatlıq təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Şirkətin “Onlayn Azərbaycan” layihəsində iştirak edən əməkdaşlarının və podratçı şirkətlərin işçi heyətinin təhlükəsizlik texnikası sahəsində maarifləndirilməsi və təkmilləşdirilməsi məqsədilə 5 regional filialın (Şimal – Şərq Regional Filialı, Dağlıq Şirvan Regional Filialı, Şimal – Qərb Regional Filialı, Aran Regional Filialı, Mərkəzi Aran Regional Filialı) mərkəzi şöbələrində təlimlər keçirilib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2017 – 2023-cü illərdə 1 milyon 916 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının və biznes subyektlərinin 66%-ni təşkil edib. Təkcə 2023-cü il ərzində Azərbaycanda 1,1 milyondan artıq ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış imkanı əldə edib. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Günel Məlikzadə
Fins.az