SOSİUM

05 Fevral

Məşvərət Şurasının növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) yanında Məşvərət Şurasının növbəti iclası olub. Görüşdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələri iştirak edib.

Qurumdan Fins.az-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov görüşün məqsədinin miqrasiya sahəsində baş vermiş yeniliklər, qanunvericiliyə edilmiş təkmilləşdirmələr barədə məlumatlandırma işini həyata keçirmək və miqrasiya idarəçiliyi ilə bağlı özəl sektor təmsilçilərinin fikirlərini öyrənmək olduğunu bildirib.

Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işləri vurğulayan Xidmət rəisi əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq faəliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni şərtlər barədə məlumat verib. Vüsal Hüseynov həmçinin xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və dövriyyənin həcminə dair tələblər, ölkə üzrə əcnəbi işçi qüvvəsinə olan tələbatın tam müəyyənləşdirilməsi məqsədilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” ilə bağlı edilən dəyişiklikləri də diqqətə çatdırıb.

Sahibkarlarla dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayrıldığını bildirən Vüsal Hüseynov özəl sektorun ehtiyaclarının, innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını vurğulayıb, Xidmət tərəfindən göstərilən yeni elektron xidmətlər barədə məlumat verib. Məşvərət Şurasının miqrasiya sahəsində baş vermiş son yeniliklər barədə Azərbaycanda fəaliyyət göstərən işəgötürənlərin məlumatlandırılmasında mühüm rol oynadığını qeyd edib.

Sonra işgüzar qaydada qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb, sahibkarlar təşkilatlarının və iri şirkətlərin nümayəndələri bir sıra məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.

Günel Məlikzadə
Fins.az