SOSİUM

01 Fevral

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasiblər Assosiasiyasının partnyoru statusu alıb

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası proqramı üzrə “Gümüş statuslu Təhsil Partnyoru” (ACCA Silver Learning Partner) statusuna layiq görülüb.

Fins.az xəbər verir ki, bununla da Maliyyə Elm-Tədris Mərkəzi beynəlxalq maliyyə və mühasibatlıq sahəsində kvalifikasiyaların ölkəmizdə etibarlı təmsilçisi kimi çıxış etməklə, bu sahədə minlərlə gəncin təhsil və karyera həyatında uğur qazanması üçün yeni imkanlar yaradacaq.

İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır. ACCA kvalifikasiyası maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyərlər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.

Günel Məlikzadə
Fins.az