SOSİUM

01 Fevral

Gəncə şəhərinin ictimai nəqliyyatına yeni avtobuslar cəlb edilib

Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib.

Qurumdan Fins.az-a bildirilib ki, Gəncə şəhəri Natəvan qəsəbəsi – Şəhər mərkəzi – Gülüstan qəsəbəsi marşrutu üzrə bu gündən 10 ədəd müasir avtobus xəttə buraxılıb. Daşıyıcı şirkət tərəfindən ümumilikdə 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.

58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro 6 standartlarına cavab verir.

Qeyd edək ki, 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, ümumi uzunluğu 13 km təşkil edir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir.

Günel Məlikzadə
Fins.az