SOSİUM

16 Yanvar

2023-cü ildə 50,7 min şəxsə əlillik təyinatı aparılıb

2023-cü ildə əlilliyi olan şəxslərə dəstək tədbirləri davam etdirilib. Hesabat dövründə 50,7 min şəxsə əlillik təyinatı aparılıb, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib, 91,4 min reabilitasiya vasitəsi təqdim edilib.

Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, nazirliyin 13 sosial xidmət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2900-dək şəxsə sosial xidmət, 6100 şəxsə səyyar sosial məişət xidməti göstərilib.

Nazir müavini onu da qeyd edib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib.

O, həmçinin vurğulayıb ki, Azərbaycanın sosial reyestri olan “e-sosial.az” portalı üzrə istifadəçilərin sayı 1,5 milyona çatıb:

"Hesabat dövründə portal vasitəsi ilə vətəndaşalara 8 milyondan çox xidmət göstərilib. Sosial ödənişlər üzrə 238 min proaktiv təyinat aparılıb, 220 min fərdi hesab açılıb, 400 mindən çox elektron arayış verilib. Ümumilikdə nazirlik üzrə elektron xidmətlərə 18 milyon müraciət qeydə alınıb".

Fuad Mədətov
Fins.az