Elektron Təhlükəsizlik Xidmətində (ETX) Türkiyənin Fərdi Məlumatların Mühafizəsi Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib.
Qurumdan Fins.az-a bildirilib ki, görüşdə fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, qanunun tətbiq mexanizmlərinin hazırlanması, sahə üzrə kadr potensialının artırılması və cəmiyyətin maarifləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunan istiqamətlər üzrə hər iki ölkənin məsul qurumlarının birgə həyata keçirəcəyi tədbirlər müəyyən edilib.
Türkiyənin Fərdi Məlumatların Mühafizəsi Qurumunun rəhbəri Faruk Bilir qeyd edib ki, Türkiyə və Azərbaycan arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi ölkələr arasında sahə üzrə mövcud münasibətləri daha da möhkəmləndirəcək.
ETX-nin rəisi Samir Rəsulov fərdi məlumatların mühafizəsinin ölkə üçün prioritet istiqamət olduğunu və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda müvafiq sahənin inkişafı üzrə geniş tədbirlərin müəyyən edildiyini qeyd edib. S.Rəsulov bildirib ki, iki ölkə arasında sahə üzrə əməkdaşlıq ölkəmizdə fərdi məlumatların mühafizəsinin gücləndirilməsinə töhfə verəcək.
Tərəflər arasında bu istiqamətdə görüşlərin mütəmadi olaraq keçirilməsi və əməkdaşlığın regional səviyyədə də davam etdirilməsi nəzərdə tutulur.
Günel Məlikzadə
Fins.az