SOSİUM

18 Dekabr

Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”ni təqdim edib 

Lüğət rəqabət terminlərinin düzgün istifadəsi və tənzimləmə prosesinin tərəfləri üçün anlaşıqlı formada izahının təqdim edilməsinə, sahə üzrə məlumat əlçatanlığı və maarifləndirmə prosesinə töhfə verəcəkdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Rəqabət terminlərinin izahlı lüğəti” hazırlanıb. Lüğətin tərtib olunmasında məqsəd antiinhisar fəaliyyəti üzrə işlərdə, korporativ yazışmalarda və ictimaiyyətin məlumatlandırılmasında interdisiplinar (sahələrarası) xarakterə malik rəqabət terminlərinin düzgün istifadəsinə nail olmaq və tənzimləmə prosesinin tərəfləri üçün anlaşıqlı formada izahını təqdim etməkdir. 

AİBNDX-dən Fins.az-a bildirilib ki, lüğətə 150-yə yaxın rəqabət iqtisadiyyatı termini nəzəri əsasları ilə birlikdə istifadəçiyönümlü tərtibatda daxil edilib. Tərtibat zamanı terminlərin antiinhisar qanunvericiliyindəki ümumi mənası nəzərə alınıb, zəruri hissələrdə qanunvericiliyə, beynəlxalq təşkilatların nəşrlərinə istinad edilib. 

Həmçinin yeni rəqabət vəziyyətlərini, müasir rəqabət risklərini qiymətləndirmək və açıqlamaq üçün meydana gələn yeni ifadələr sözügedən terminlər toplusunda yer alıb. Bu zaman qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, elmi-texnoloji tərəqqi və biznes mühitində yeni yanaşmalar əsas götürülüb. 

Rəqabət terminləri lüğəti sahə üzrə əhatəli məlumat əlçatanlığını asanlaşdırmaqla yanaşı, maarifləndirmə prosesini sürətləndirəcəkdir. Bu baxımdan lüğət ümumi istifadə üçün nəzərdə tutulub və normativ hüquqi akt xüsusiyyətlərini daşımır.  

“Rəqabət terminlərinin izahlı lüğəti” elektron formatda Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Məlumat mərkəzi” bölməsində (//bit.ly/3NsCtq7 ) yerləşdirilib.

Günel Məlikzadə
Fins.az