İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Estoniyanın “Digital Nation” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Rəqəmsal Transformasiya üzrə Rəhbər” adlı təlim proqramı yekunlaşıb. Qeyd edək ki, “Digital Nation” rəqəmsal idarəetmə həlləri üzrə Avropanın qabaqcıl şirkətləri sırasında yer alır.
Bu barədə Fins.az-a İRİA-dan məlumat verilib.
Məlumata görə, dörd günlük sessiyalardan ibarət proqram rəqəmsal hökumət istiqamətində vörkşoplar, layihələr üzərində komanda işi, beynəlxalq təcrübənin öyrənilməsi və xarici ekspertlərlə əlaqə imkanlarını özündə birləşdirib. Proqramda dövlət orqanlarının (qurumlarının) 40-dan çox rəhbər nümayəndələri iştirak ediblər. Rəqəmsal hökumət sahəsində Avropanın qabaqcıl ekspertləri tərəfindən proqram iştirakçılarına rəqəmsal transformasiya sahəsində praktiki alətlər və effektiv metodlar öyrəniblər. Təlimlər nəticəsində rəhbər şəxslərdən ibarət qruplar rəqəmsal transformasiya sahəsində liderlik bacarıqları və bütün dövlət xidmətləri və rəqəmsal həllərinin tətbiqi üzrə geniş təsəvvür əldə ediblər. Hər bir dövlət orqanının (qurumun) nümayəndələri üçün məsul olduqları sahələrdə rəqəmsal transformasiya proseslərinə rəhbərlik etmək üçün fərdi inkişaf planları yaradılıb.
Yekunda proqram iştirakçılarına İRİA və “Digital Nation” tərəfindən sertifikatlar təqdim olunub.
Nəzərinizə çatdıraq ki, 16 noyabr tarixindən start götürən “Rəqəmsal Transformasiya üzrə Rəhbər” proqramının keçirilməsində əsas məqsəd dövlət sektorunda dayanıqlı rəqəmsal transformasiya üzrə təcrübəni inkişaf etdirmək və bu sahədə liderlər qrupunun formalaşdırılmasına təkan verməkdir.
Fuad Mədətov
Fins.az