SOSİUM

08 Dekabr

"YAŞAT” Fondu təhsil üçün xərclədiyi vəsaiti AÇIQLAYIB

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 2 424 635.03 AZN təşkil edir.

Fins.az xəbər verir ki, bu barədə "YAŞAT"ın rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.

Onun sözlərinə görə, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 532 və yaralıların 171 müraciəti olmaqla ümumilikdə 703 müraciət təmin edilib:

"Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 495 845.99 AZN vəsait qarşılanıb. Təhsil haqqının qarşılanması üzrə 588 müraciət Fond tərəfindən, 115 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri).

Bugünədək "YAŞAT" Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı "Dərs evi" tədris mərkəzi, "İnnab Business School", "SAT Group" və "Data Science Academy" təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub".

E.Hüseynov qeyd edib ki, rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara "YAŞAT" Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilərək, ümumilikdə 120 şəxsin (71 şəhid ailə üzvü və 49 yaralı) hesabına vəsait köçürülüb.

Fonduz rəhbəri onu da vurğulayıb ki, 2021-2022-ci tədris ili üzrə 49 şəxsə (31 şəhid ailə üzvü və 18 yaralı), 2022-2023-cü il tədris ili üzrə isə 23 şəxsə (12 şəhid ailə üzvü və 11 yaralı), 2023-2024-cü il tədris ili üzrə isə 31 ( 20 şəhid ailə üzvü və 11 yaralı) şəxsə 2000 AZN vəsait köçürülüb.

Fuad Mədətov
Fins.az