İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın dekabr sayına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 821,7 milyon ABŞ dollarına bərabər olub.
Qurumdan Fins.az-a verilən məlumata görə, cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 3,1 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1%, qara metallardan hazırlanmış məmulatların ixracı 16,4%, meyvə-tərəvəz ixracı isə 8,1% artıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4% artaraq 853,62 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.
Cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207,05 milyon ABŞ dolları təşkil edib.
Günel Məlikzadə
Fins.az