SOSİUM

05 Dekabr

Dövlət Xidmətində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi imkanlarına dair müzakirələr aparılıb.

Qurumdan Fins.az-a bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli keyfiyyət infrastrukturu sahəsində görülən tədbirlər, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılan işlər barədə məlumat verib. Ölkədə halal keyfiyyət infrastrukturunun inkişafı məqsədilə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər xüsusi vurğulanıb.

İslam İnkişaf Bankının ölkə əməliyyatları üzrə meneceri Fərid Xan keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib.

Tərəflər görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri, bu sahədə təcrübə mübadiləsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

Günel Məlikzadə
​Fins.az