İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birgə hazırladığı “Türk dövlətləri iqtisadiyyatı” kitabının daha bir təqdimatı Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.
Fins.az xəbər verir ki, TDT-nin Macarıstan nümayəndəliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı qonaqlara kitab haqqında ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Türk dünyası ölkələrinin diplomatik korpus təmsilçiləri, Macarıstan Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayəndəsi, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçiləri, Metropolitan Universitetinin nümayəndələri və Macarıstan “Daily News” xəbər agentliyinin jurnalistləri iştirak ediblər.
TDAM-ın rəhbəri A.Satıcı “Türk dövlətləri iqtisadiyyatı” kitabının 7 ölkədən 35-dən çox müəllifin iştirakı ilə ərsəyə gəldiyini və iqtisadiyyat sahəsində türk dünyasını bütövlükdə əhatə edən bu tərkibdə nadir işlərdən biri olduğunu vurğulayıb. Həmçinin, TDT-nin Macarıstan nümayəndəliyinin rəhbəri v.m.i.e. Talaibek Kydyrov kitabın türk dünyası üçün yeni bir yol xəritəsi olduğunu və növbəti birgə araşdırmalara stimul verdiyini bildirib.
Bununla yanaşı, görüşdə TDAM tərəfindən gələcək perspektivdə qarşıda duran layihələr müzakirə edilib. Türk dünyasının geoiqtisadi interaktiv xəritəsinin hazırlanması istiqamətində işlərin davam etdiyi bildirilib. “Türk iqtisadi icmalı”nın dövri olaraq 8 dildə nəşr edilməsi iştirakçılar tərəfindən müsbət qarşılanıb. İcmalın növbəti buraxılışlarına nəqliyyat-logistika, kiçik və orta bizneslərin (KOB) inkişaf trayektoriyasını əhatə edən göstəricilərin də daxil edilməsi tövsiyə olunub.
Fuad Mədətov
Fins.az