SOSİUM

20 İyun

ARDNF-də Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib - FOTO

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) 19 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində növbəti görüş keçirilib və Ulu Öndərin əziz xatirəsi yad edilib.

Fins.az xəbər verir ki, tədbir zamanı çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bugünkü müstəqil, qüdrətli və demokratik Azərbaycan Respublikasının dahi lideri Heydər Əliyevin şah əsəri olduğunu qeyd edib və Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında Ulu Öndərin misilsiz rolu və xidmətləri barədə söz açıb. İcraçı direktor bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya ölkə iqtisadiyyatının inkişafına, mövcud resursların səmərəli istifadəsinə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edib. İsrafil Məmmədov əlavə edib ki, neft və qazın satışından əldə edilən valyuta daxilolmalarının toplanması və səmərəli idarə edilməsi məqsədilə cənab Prezident İlham Əliyevin təklifi ilə, 1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Dövlət Neft Fondu bu milli inkişaf strategiyasını dəstəkləyərək xalqımızın bugünkü və gələcək nəsillərinə xidmət edəcəkdir.

Tədbirə həmçinin, böyük vətənpərvər, görkəmli dövlət xadimi, alim, tarix elmləri doktoru, müstəqil Azərbaycanın ilk Baş naziri və sabiq xarici işlər naziri Həsən Həsənov qonaq qismində dəvət edilib. ARDNF-nin İcraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu ilə birgə müsahibə formatında baş tutan söhbətdə Həsən Həsənov Ulu Öndərin xidməti fəaliyyəti barədə çıxış edib, dahi şəxsiyyət haqqında öz fikir və xatirələrini bölüşüb. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açan Həsən Həsənov Ümummilli Liderin xalqımızın milli kimliyinin və düşüncəsinin formalaşmasında əvəzsiz rolunu xüsusilə vurğulayıb.