Ötən həftə, Türkiyənin Antalya şəhərində moda dünyasının əlamətdar hadisələrindən biri sayca 6-cı “Antalya Moda Həftəsi” keçirilib.
Fins.az xəbər verir ki, Antalya Moda Həftəsinin təşkilatçısı Eda Meltem Yılmazın dəvəti ilə Antalya MiGROS AVM-də fəaliyyət göstərən dərzi emalatxanasında Norveç doğumlu, əslən cənubi azərbaycanlı, “SHERVIN NAJAFPOUR” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən özəl təqdimatın təşkili baş tutub. Bu məqsədlə, Şervin Nəcəfpur “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında azərbaycanlı rəssam Pərnisə Əsgərova tərəfindən çəkilmiş miniatürlərin əks olunduğu köynək və çoxistifadəli parça çantalar hazırlanıb.
Dahi şairin müdrik kəlamlarının da əks olunduğu, “Danışan İrs” adlı xüsusi kolleksiya Nizami Gəncəvi irsinin təbliğinə xidmət edib. Antalya MiGROS AVM-də təşkil olunan özəl təqdimat zamanı “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi və modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin doğum gününün 100-cü ildönümü və Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə xüsusi dizaynlı köynək və çoxistifadəli parça çantanın təqdimatı da təşkil olunub. Ulu öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəkillərinin, “Bir millət, iki dövlət, tək yumruq” şüarının əks olunduğu kolleksiya Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini təbliğ etmək məqsədi daşıyıb.
Beynəlxalq səviyyəli Antalya Moda Həftəsi Antalya Böyükşəhər və Antalya Muratpaşa Bələdiyyələri, Batı Akdeniz İhracatçılar Birliyi, Hotel SU, Antalya MiGROS, Radisson mehmanxanalar şəbəkəsi və digər böyük şirkətlərin dəstəyi ilə həyata keçirilib. Tədbir yerli və xarici media tərəfindən geniş işıqlandırılıb. Antalya moda günlərində yerli dizaynerlərlə yanaşı, əcnəbi modelyerlərin geyim kolleksiyalarının nümayişi də baş tutub.