İstənilən qərardan razı və ya narazı qalmaq mümkündür. Bu tamamilə təbii insan mövqeyidir. Tarixən belə olub, olur və olacaq. Razılarla işimiz yoxdur, dünyada həmişə narazılar ön plana çıxır. Amma narazı olmaları və ya ön plana çıxmaları hələ onları haqlı tərəf etmir. Bu da yazılmayan qanunlardan biridir. Bəzən narazılıq qeyri-obyektivlik göstəricisi kimi üzə çıxır.
Obyektiv olmaq çətindir? Bir çox hallarda bəli. Hələ ortada "pul söhbəti" varsa, ümumiyyətlə obyektivlik çıraqla axtarılan nəsnəyə çevrilir.
Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il üzrə kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. Xəbəri oxuyan kimi ilk ağlıma gələn bu oldu ki, yenə özünü vətənin pərvəri hesab edən bir qrup insan səsini qaldıracaq. Halbuki pərvərdigar şahid vətən təmənnalı sevilməz. Bununla belə sözügedən agentlik hər dəfə əməyi olanların əziyyətini qiymətləndirir. Özü də insafına danışsaq, ən yüksək səviyyədə. Amma di gəl ki, hər dəfə müsabiqənin nəticəsi elan ediləndə, sanki ilboyu səsi çıxmayan, yalnız həmin gün üzə çıxan kiçik qruplar peyda olur. Özü də niyə səsləri çıxır bilirsiniz? Ayrılan pulun miqdarından narazı qalırlar. Bəli, bəli. Düz oxudunuz. Dövlət üçün, vətən üçün gördükləri işin müqabilində daha çoxunu tələb edirlər. Danışanda şairdən sitat gətirib "vətəni sevməyən insan olmaz" deyirlər, amma öz sevgiləri bir miqdar pula bağlı imiş.
Maraqlıdır ki, cəmiyyət də onları fəaliyyətlərindən dolayı deyil, səslərini ucaldıb hay-küy salanda tanımış olur. Niyə görəsən? Təsadüfdürmü? Əlbəttə ki, yox. Bəs kimdir müqəssir? Bəlkə onlara layiq olduqlarından daha çox dəyər verdiyinə görə elə agentlik günahkardır? Bəlkə elə onları cəmiyyətə böyük işlər görən kimi təqdim edən bəzi media resursları müqəssirdir?
Yox. Heç biri. Ən böyük günahı və məsuliyyəti də elə özləri daşıyır.
Onlar dövlətin ayırdığı maddiyyata niyəsə hər kəsdən daha böyük həvəslə göz dikirlər. Halbuki gözləri faydalı işlərə dikilən çoxlu sayda QHT nümayəndələrinin işlərin çoxluğundan heç yadına da düşmür ki, nəticə nə zaman elan ediləcək.
Bu gün yenə bir qrup hazıra-nazir qeyri-hökumət təşkilatı nümayəndəsi ayrılan dəstək yardımına ağız büzüb agentliyin fəaliyyətini tənqid edir. Tənqid o zaman normal qəbul edilir ki, haqlı və ədalətli olsun. Amma bu "haqq-ədalət carçıları" obyektivlikdən çox uzaq və açıq təhdidlə görülən işlərə kölgə salır, özlərini vətən daşı hesab edərək ayrılan büdcə uğrunda savaşa çıxırlar. Halbuki həqiqi vətəndaş məsuliyyəti daşısaydılar, bu "mübarizə"ni özlərinə ayıb bilib daha çox iş görmək uğrunda baş sındırmalı idilər.
Cəmiyyətimiz tənqidlərə və narazılıqlara həssasdır. İstənilən haqlı narazılığın az və ya çox dərəcədə dəstəkçisi olur. Siz Allah, bu etiraz edən "qeheteşnik"lərə cəmiyyətin bircə üzvündən dəstək görürsünüzmü?
Şəxsən sosial media platformalarının altını üstünə çevirən biri kimi mən bircə dənə də olsun dəstək msjının şahidi olmadım.
Deməli nə imiş? Xalqın da gözü tərəzi imiş. Bu "narazılar dəstəsi" meydanda tək qalıb. Amma onları heç kim təkləməyib. Onlar özləri özlərini meydanın küncünə sıxışdıraraq tək qalıblar.
Ayılın, yoldaşlar! Dövlət sizin etdiklərinizi və etmədiklərinizi üzünüzə vurmur, amma üzünüz qıpqırmızıdır və hər şey çox aşkar şəkildə görünür. Papağınızı qabağınıza qoyun və harada səhv etdiyinizi yaxşı-yaxşı götür-qoy edin. Sonradan atılan daş nə vətənə, nə də vətəndaşa yaraşır. Siz qeyri-hökumət təşkilatısınız. Amma hökumətimiz qeyrisi deyil, özümüzünkülərdir. Süni şoular təşkil etmək əvəzinə vətənə və millətə faydalı şəkildə təşkilatlanın. Unutmayın, tək qeyri-hökumət təşkilatı olmaqla iş bitmir. Həm də qeyrətli hökumət təşkilatı olmaq lazım.
P.S - İqtisadiyyat.az EKSKLÜZİV olaraq sözügedən QHT-lərin son bir neçə ildə dövlətdən aldığı vəsaiti araşdırıb. Siyahını təqdim edirik: