SOSİUM

19 May

“ASAN xidmət” “İnsan Resursları və İdarəetmə Forumu” keçirəcək

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə, peşəkar idarəçilik yoluna həsr olunmuş İnsan Resursları və İdarəetmə Forumu keçiriləcək. 

Fins.az xəbər verir ki, forumun əsas məqsədi insan mərkəzli idarəetməni təşviq etmək, ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə təcrübə mübadiləsinə platforma yaratmaqdır. 

Tədbirin açılışı rəsmilərin çıxışları ilə baş tutacaq. 

Forumda 500 fərqli dövlət və özəl müəssisədə çalışan işgüzar şəxslər, müxtəlif sahələrdən olan  ekspertlər, mütəxəssislər və idarəçilərdən ibarət 600-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur. 

Tədbirdə 9  xarici, 5 yerli idarəçi ekspert “Liderlik vizyonu, innovativ inkişaf və strategiyanın icra edilməsi”, “Kouçvari yeni nəsil idarəetmə, loyallıq və motivasiya” və “DATA mərkəzli rəqəmsal İR idarəetməsi, OKR” istiqamətində peşəkar təcrübəsini paylaşacaq, iştirakçıların suallarını cavablandıracaq. Həmçinin iştirakçılara işgüzar əlaqələrin yaranması və biznes-netvorkinq üçün unikal platforma kimi əlavə imkanlar yaradılacaq və bütün iştirakçılara sertifikat təqdim olunacaq. 

3 iyun 2023-cü il tarixində Baku Marriott Boulevard Hotelində baş tutacaq forumun strateji partnyoru “Azərbaycan Hava Yolları” QSC, sponsorları “Nurus”, “Hanspaces”, "Insight House" MMC, "Özsüt” restoranlar şəbəkəsi, “Baker Tilly”, “Evrika liseyi”, “OBA” marketlər şəbəkəsi, "Başkənt" restoran və şirniyyat evi, tərəfdaşları isə "Admedia" reklam agentliyi, “Absheron Hotel Group”, “CreaTime” şirkətləridir.

Forumda iştirak etmək istəyənlər //bit.ly/3AMH6o3 linkinə keçid edərək  və ya +99450 2214777 nömrəsi ilə əlaqə saxlayaraq bilet əldə edə, daha ətraflı məlumat almaq üçün isə ASAN İnnovativ İnkişaf Mərkəzinə müraciət edə bilərlər.