SOSİUM

10 May

Maliyyə Nazirliyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub - FOTO

Mayın 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Fins.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqına, dövlətinə həsr etdiyi ömür yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib, Ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş və inkişaf dövrü kimi yazıldığını bildirib.

Qeyd olunub ki, Azərbaycan xalqı 90-cı illərdə, yeni dövrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoydu. Məhz Heydər Əliyevin qətiyyəti, fədakarlığı və yorulmaz səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyuldu, 1994-cü ilin sentyabrında daxili və xarici təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi” imzalandı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi quruldu, nizami ordu yaradıldı və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. 

Ümummilli liderin ən böyük arzusunun Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu bildirən nazir onun bu müqəddəs vəsiyyətini layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin uğurla yerinə yetirdiyini, ərazi bütövlüyümüzün təmin edildiyini, üçrəngli bayrağımızın yenidən Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalandığını diqqətə çatdırıb.

Bildirilib ki, bu gün Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən  Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan Respublikası siyasi sabitlik, iqtisadi güc, sosial rifah, tarix yazan güclü ordu, nüfuzlu və etibarlı tərəfdaş ölkə statusunda öz qüdrətli dövrünü yaşayır və bu, bir daha Heydər Əliyevin dövlətçilik məfkurəsinin bugünkü və gələcək inkişafımızın birbaşa təminatçısı olduğunu təsdiqləyir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov Heydər Əliyevlə görüşlərindən danışıb, unudulmaz xatirələrini bölüşüb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, professor Mayis Əmrahov isə tarix yaradan şəxsiyyət kimi Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib. 

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş etdirilib.