SOSİUM

10 May

Prezident İlham Əliyevin tapşırığı ilə dənizçilər üçün tikilən yaşayış kompleksi təhvil verilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 1980-ci ildən 1993-cü ilədək mənzil növbəsinə götürülmüş və yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan dənizçilər üçün inşa olunan yaşayış kompleksi təhvil verilib.  

Fins.az xəbər verir ki, sözügedən sosial layihə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 9 ünvanında inşa olunub. Yaşayış kompleksi hər biri tək bloklu olmaqla 5 binadan,16 mərtəbədən, 487 mənzildən ibarətdir. Mənzillərdən 108-i birotaqlı, 227-si ikiotaqlı, 137-si üçotaqlı,15-i dördotaqlıdır. Evlər yüksək tələblərə uyğun təmir olunub və mətbəx mebeli ilə təmin edilib.

Su, elektrik xətti və təbii qazla təchiz olunmuş kompleksdə avtomobillər üçün yeraltı dayanacaq da mövcuddur. Burada uşaq bağçası və digər sosial infrastruktur imkanları yaradılacaq. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar mənzillərin sahiblərinə təhvil verilməsinə həsr olunmuş mərasim keçirilib.

Mənzillərin açarlarının təqdimedilməsi mərasimində iştirak edən ASCO sədri Rauf Vəliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev istər 1969-cu ildən 1982-ci ilədək, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdə ölkə həyatının bütün sahələrinə sanballı töhfə verib. O, digər sahələr kimi, həm Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin, həm də Xəzər Dəniz Neft Donanmasının inkişafına da xüsusi diqqətlə yanaşıb. Bu sahədə görülən irimiqyaslı layihələrlə yanaşı, dənizçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını da vacib işlərdən hesab edib: “Ulu öndər Heydər Əliyevin bu missiyasını hazırda  cənab Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Onun rəhbərliyi ilə ölkə vətəndaşlarının sosial-məişət təminatının yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks layihələr çərçivəsində dənizçilər də unudulmur. Məhz, bu layihə də cənab Prezidentin tapşırığı ilə həyata keçirilib.”

Rauf Vəliyev evlərin açarlarını sahiblərinə təqdim edərək onlara yeni mənzillərində xoş və firavan həyat arzulayıb.

Mənzillərlə təmin edilən şəxslər daim dəstəklə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəffaflığın təmini məqsədilə mərtəbələr və mənzillər sahiblərinə püşkatma yolu ilə verilib.