2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu səbəblə Türkiyənin Türk-İslam Dünyası Kültür və İqtisadiyyat Dərnəyi, Azərbaycanın "Zirvə İslahatlara Dəstək Mərkəzi"nin təşkilatçılığı ilə İstanbul Bağçılar Bələdiyyəsinin “Başqan” konfrans salonunda tədbir keçirilib.
Bu barədə Fins.az-a “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi sədri Elçin Axundzadə məlumat verib. O, bildirib ki, tədbirdə Türkiyənin Türk-İslam Dünyası Kültür və İqtisadiyyat Dərnəyinin başqanı Ali Gülbey, millət vəkili adayı Derya Akdemir, telejurnalist Nuranə Andronovna, Bakı Dövlət Universitetinin müəllimləri Kəmalə Rüstəmova, Asifə Əliyeva, Sona Məmmədbəyova, Azərbaycanın İstanbuldakı Baş konsulluğundan konsul Zaur Allahverdizadə, Bağçılar Bələdiyyəsinin qeyri-hökumət təşkilatları üzrə nümayəndələri Bahattin Albayrak və Murat Gün, “Türk Kızılay”ı İstanbul Küçükçekmece rayon şöbəsinin müdiri Hüseyn İpek, jurnalist Məhəmməd Osmanov, Azərbaycanlıların ən çox məskunlaşdığı Bağçılar Bələdiyyəsi ərazisində yaşayan Azərbaycan ictimaiyyət nümayəndələri, eləcə də Türkiyədən olan ziyalılar, nüfuzlu şəxslər, iştirak ediblər.
Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, akademik Numan Kurtulmuşun, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrımın, Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayevanın, Bağçılar Bələdiyyə sədri Abdullah Özdemirin məktubları oxunaraq, onların Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramları ifadə olunub.
Çıxışçılar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, Ulu Öndərin Azərbaycan dövlətçilik tarixində və türk dünyasındakı rolundan bəhs ediblər.
Heydər Əliyevin xidmətlərinin nəticəsi olaraq, Azərbaycan-Türkiyə dostluğu daha da möhkəmlənib və onun türk dünyasındakı nümunəvi xidmətləri bütün türk gənclərinə aşılanmalıdır.