SOSİUM

28 Aprel

Azərkosmos şəhid və qazi övladları üçün təlim-tədris proqramına başlayıb - FOTO

Azərkosmosun Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində şəhid və qazi ailələrinin övladlarının təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafı istiqamətində rol oynayacaq geniş təlim proqramlarına start verilib. İlk qrupun məktəbli iştirakçıları “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim edilib.

Fins.az xəbər verir ki, təlim proqramı hər iştirakçı qrupu üzrə iyul ayınadək davam edəcək. Çox sayda məktəblinin cəlb olunacağı təlim proqramının gündəliyində “Posttravmatik reabilitasiya”, “Biznesin əsasları”, “Kritik düşüncə tərzi”, “İntensiv fiziki oyunlar” mövzusunda təlimlər yer alıb.

Bu təlimlər sayəsində 10-14 yaş aralığında olan məktəblilər gələcək karyera seçimlərində “yumşaq” vərdişlərin formalaşması, psixoloji reabilitasiya, idman fəaliyyətləri vasitəsilə stresin idarə olunması kimi proqramlarda iştirak edəcəklər.

Silsilə şəklində davam edəcək təlimlər hər üç aydan bir yeni iştirakçı qrupları üçün təkrar keçiriləcək.

Qeyd edək ki, Azərkosmosda 2020-ci ilin sonundan etibarən əməkdaşların aktiv dəstəyi ilə Təşəkkür Fondu fəaliyyət göstərir. Xeyriyyəçilik mədəniyyəti ətrafında yaradılan bu fond vasitəsilə bu günədək şəhid və qazi ailələrinə dəstək kampaniyaları həyata keçirilib.