Dövlət Gömrük Komitəsi vətəndaş müraciətlərinin cavablandırılmasını elektronlaşdırmaq məqsədilə pilot variantda Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz yaradıb.
Fins.az xəbər verir ki, məqsəd vətəndaş müraciətlərinin cavablandırılması prosesində operativliyin artırılması, şəffaflığın, əlçatanlığın təmin olunması, xidmətlərin rəqəmsallaşdırılmasıdır.
Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov bildirib ki, mərkəzdə göstərilən bütün xidmətlər elektron növbə sistemi əsasında “Bir pəncərə” prinsipi ilə həyata keçirilir.
"Vətəndaşlar burada bəyannamələrin doldurulması, müvafiq gömrük ödənişlərinin ödənilməsi, rəsmiləşdirilmə prosesində yaranan çətinliklərin aradan qaldırılması, sənədlərin tərtib olunması, məlumatlandırma xidmətlərindən faydalana biləcəklər. Həmçinin mərkəzdə digər dövlət qurumları- Dövlət Vergi Xidməti, KOBİA, AQTA ilə bağlı əməliyyatları da həyata keçirmək mümkündür. Tətbiq edilən yenilik gömrük rəsmiləşdirilməsi prosesinin çevik şəkildə aparılmasına, xarici ticarət iştirakçılarının vaxta qənaət etməsinə, vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın artırılmasına şərait yaradacaq.
Eyni zamanda vətəndaş müraciətlərinin və sorğularının vahid bazası formalaşacaq ki, bu da məlumatların emalı və təhlilinin aparılması, hədəflərin düzgün müəyyənləşdirilməsi, xidmətlərin səmərəliliyinin ölçülməsi baxımından mühüm əhəmiyyət daşıyır",- deyə Elmir Ramazanov vurğulayıb.
Rəis müavini onu da qeyd edib ki, mərkəzdə kompüter və printer, ödəmə terminalları, məlumatlandırıcı lövhələr, elektron terminal, gömrük əməkdaşları ilə operativ əlaqə saxlamaq üçün telefonlar quraşdırılıb.